Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məhv edilmiş ailədən qalan şəkillər

0

  •         Müsahibim Xocalı soyqırımında 7 nəfər ailə üzvü şəhid olan Xocalı şəhər sakini Qəmbərov Rauf Qarsalan oğludur. Gəncə şəhəri ərazisində salınmış qəsəbədə məskunlaşan Rauf Qəmbərov II qrup əlil, Müharibə Veteranıdır. 
            Rauf Qəməbərov deyir ki, hər il fevral ayı gələndə sanki Xocalıda olur, onsuz da qaysaq bağlamayan Xocalı yarası fevral ayında daha şiddətlənir. Onun üçün dəhşətli günlərdə itirdiyi əzizləri və doğmalarının müsibətləri haqqında danışmaq çətin olsa da, Xocalı soyqırımını ictimaiyyətə çatdırmağın hamımızın borcu olduğunu bildirdi. Müsahibə zamanı suallarıma ürək yanğısı ilə cavab verdi.
            - Soyqırım axşamını necə xatırlayırsınız?
            - Fevral ayının 25-dən 26-na keçən gecə könüllülərdən ibarət özünümüdafiə batalyonunun tərkibində postda növbədə dayanmışdım. Xəbər alıdıq ki, erməni quldur dəstələri və 366-cı motoatıcı alayın ordusu Daşbulağa yığılıb. Xocalıya hücum gözlənilirdi. Axşam tərəfi Xocalıya hər tərəfdən hücum oldu. Ermənilər Ağdam-Şuşa yolu, Noragux, Məxsəti türkləri yaşadığı aeroport tərəfdən hücuma keçdilər. Dəhşətli axşam idi. 
    Düşmən qüvvələr getdikcə Xocalıya yaxınlaşırdı. Atışma zamanı bir qrup kənd sakini qonşumuz Şiraslanın evində zirzəmiyə yığılmışdı. Postdan gördük ki, Şiraslan kişinin evi mühasirəyə alınıb. Biz ora köməyə getdik. 1-2 saat atışmadan sonra ermənilər geri çəkildi. Zirzəmiyə girəndə içəridəki insanları güllə-boran etdiklərini gördük. 
            - Zirzəmidə nə qədər insan var idi?
            - Təxminən 30-a yaxın uşaqlı, qocalı insan var idi.  Hamısı güllələnmişdi.
            - Onların içində sizin yaxınlarınızdan var idi?
            - Həmin zirzəmidə qardaşım Səfərin iki uşağı - 2 yaşlı oğlu Emini, 6 yaşlı qızı Esmiranı ermənilər güllələmişdilər. Ermənilər uşaqları əsir götürmək istəyərkən anaları Mətanət onlara maneə olmağa çalışanda erməni vəhşiləri onu da vurmuşdu. Anamın da  sinəsindən güllələnmişdi. Lakin anam və gəlinimiz hələ sağ idi. Anamı və gəlinimizi Mirzə kişinin evinə gətirdik. Qardaşım Səfər hadisəni görüb hiddətlənmişdi. Anamı və Mətanəti yeni tikilən beşmərtəbəli binaya tərəf apardıq. Çayçı İlhamın yanında Suren adında bir kişi vardı. O bizə dedi ki, yaralıları gətirin evdə baxaq. Gəlinimiz Surenin evində 5 dəqiqədən sonra aldığı yaranın ağrı-acısına dözməyərək dünyasını dəyişdi. Qardaşım Mətanəti Suren kişinin evinin həyətində dəfn etdi. Sonra Səfər mənə dedi ki, anamı götürüb get, mən sonra arxanızca gələcəyəm. Bir qədər sonra xəbər aldıq ki, Surenin oğlu da vurulub. O, Səfərə təskinlik verərək dedi ki, belə hadisə hər birimizin başına gələ bilər. Mən panel evlərə gəlib çatanda Səfər də gəlib bizə çatdı. Anamı paltoya bükərək qucağımda aparıb beşmərtəbəli panel evə çatdırdım. Ermənilər bizi orada yenidən atəşə tutdular. Qardaşım ermənilərə qarşı döyü-şərək şəhidlik zirvəsinə ucaldı. Atam da orada şəhid oldu. Anamın şəhidlik xəbərindən sonra, oradakı insanlar nəsildən heç olmasa, bir nəfər sağ qalsın deyərək məni binanın damına çı-xartdılar. 
            Səhərə yaxın idi, hava işıqlanırdı. Ermənilər binanın ətrafını mühasirəyə almışdılar.  Bizə deyirdilər ki, silahı tullayıb təslim olun. Binanın içində təxminən 400-ə yaxın adam olardı. Orada 3 nəfər ağsaqqal - adları Baxşeyiş, Kamran, digərinin adı isə yadımdan çıxıbdır, onlar bizə məsləhətlər verirdilər. Həmin adını unutduğum şəxs mənə dedi ki, ay Qarsalanın oğlu, səni mən aparacağam. Qərara alınmışdı ki, axşam düşəndə bir neçə dəstəyə bölünürək binadan çıxaq. 
            Artıq Xocalını bütünlüklə zəbt edən erməni quldurları bizim toplaşdığımız binanı da əhatəyə almışdılar. Onlar yeyib-içir, çalıb-oynayırdılar. Özləri üçün toy-bayram edirdilər. Evləri bir-bir yandırırdılar.
            Fevral ayının 27-si axşamı biz planlaşdırdığımız kimi sakitcə binadan çıxaraq Ağdama tərəf getməyə başladıq. Ermənilər bəlkə də içkili olduqları üçün bizim getməyimizi bilmədilər. Yolda bizə 366-cı alayın özbək əsgəri də qoşuldu. O, bizə günahsız insanlara güllə atmaq istəmədiyini dedi. Bir qədər yol aldıqdan sonra ermənilərin yaşadığı Naxçıvanik kəndinin kənarına gəlib çıxdıq. Burada ermənilərlə yarım saat atışma olduqdan sonra ara sakitləşdi. Naxçıvaniki adlayaraq Ağdamın Qarağacı qəbiristanlığına çatdıq. Qarağacı qəbiristanlığına çatanda orada çoxlu sayda insanın toplaşdığını gördük. Erməni olduqlarından ehtiyatlanaraq özbək əsgəri onlarla danışmağa göndərdik. Oraya yığışan insanların azərbaycanlılar olduqlarını dəqiqləşdirəndən sonra camaatla birləşdik.        
            - Yolda hansı hadisələrlə rastlaşdınız?
            - Əli-ayağı donan, yaralı insanlardan gəlib Qarağacı qəbiristanlığına çata bilməyənlər oldu. Təxminən 30 yaşlı bir ana 2 yaşlı qızını apara bilmirdi. Uşağı yerə qoymaq istəyəndə, mən onu belimə bağlayaraq axıra kimi gətirdim. Bir neçə il bundan əvvəl həmin qız ailə həyatı quran zaman məni toyuna çağırmışdı. 
            - O müsibətli gündən sağ-salamat çıxmağına kömək olduğunuz bu qızın toyunda iştirak edərkən hansı hislər keçirdiniz?
            - Bir anlıq gözümün önünə Xocalıda şəhid olan günahsız körpələr – “böyüməyən uşaqlar” gəldi. Erməni qaniçənləri onlara aman vermədilər.  
    Xocalı soyqırımı zamanı kiçik qardaşım Nadir aeroport istiqamətində döyüşürdü. İndiyədək ondan heç bir xəbər ala bilməmişəm. Dəfələrlə Qızıl Aypara Cəmiyyəti gəlib məndən saç örnəyi götürsə də, qardaşımın ölümü-qalımı haqqında indiyədək heç bir məlumat verməyiblər. 
            Qardaşım Səfərin ailəsi tamamilə məhv edilən 8 ailənin tərkibindədir. Onun ailə üzvləri –  həyat yoldaşı Qəmbərova Mətanət Hacı qızı, oğlu Emin, qızı Esmira şəhid oldular. 
    Xocalı soyqırımında ailə üzvlərimdən tək mən sağ qalmışam. Tez-tez şəhid olmuş əzizlərimin şəkillərinə baxır, onlardan mənə tək yadigar qalan şəkillərdə atalı-analı, qardaşlı günlərimi yada salıram. Xocalı soyqırımı sinəmizə çəkilmiş çarpaz dağdır. Mənim kimi bütün xocalıların ürək yarası Qarabağımızın azad olması əsil məlhəm olacaqdır. O günün xəbərini səbirsizliklə gözləyirəm.

    Qalib BƏYMƏMMƏDOĞLU

    17.02.2019

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib54 dəfə
    Məhv edilmiş ailədən qalan şəkillər

    Maraqlı gələ bilər
    50
    24
    58